“İşğaldan azad edilmiş ərazilərimizin bərpası, məskunlaşdırılması ilə yanaşı oraya köçürülən insanların məşğulluğunun təmin edilməsi də mühüm amildir”. Bunu SİA-ya açıqlamasında "Həftə İçi" qəzetinin baş redaktoru Sevinc Seyidova deyib.
Onun sözlərinə görə, Azərbaycan dövləti bu istiqamətdə mühüm addımlar atıb və özünün əsas prioritet istiqamətlərindən biri elan edilib: “Hazırda Laçın şəhəri, Zabux kəndi, Ağalı kəndi və Füzulidə əhalinin məşğulluğunun təmin edilməsi ilə bağlı mühüm layihələr reallaşdırılır. İlk dəfə olaraq işğaldan azad edilmiş rayonlarda əmək yarmarkası təşkil edilib. Bundan əlavə, məskunlaşdırma ilə yanaşı həmin ərazilərdə müxtəlif istehsalat müəssisələri, kənd təsərrüfatı ilə məşğul olmaq üçün fermer təsərrüfatları yaradılır. Əhalinin köçürülməsindən əvvəl onların zəruri və davamlı iş yerləri ilə təmin edilməsi ilə bağlı müxtəlif hesablamalar aparılır. Atılan addımlar da məhz bu hesablamalara uyğun olaraq verilən qərarlar əsasında reallaşır. Məsələn Ağalıda yaradılan ağıllı kənd konsepsiyası əsasında burada yaradılmış aqrar sənaye üzrə müəssisələrin fəaliyyətini biz buna misal göstərə bilərik, Həmçinin bu istiqamətdə yerli investisiya ilə yanaşı, xarici şirkətlərlə də sıx əməkdaşlıq edilir. Artıq uğurlu nəticələrin şahidi oluruq”.